İyunun 30-dan etibarən Sədərək Gömrük Məntəqəsindən Türkiyəyə gediş-gəliş dayandırılıb. Ona görə də, xeyli şəxs keçid məntəqəsində qalıb.
Elxeber.com xəbər verir ki, bu barədə "Gündəlik Naxçıvan" səhifəsi yazıb.
Bildirilib ki, hazırda sərhəddən yalnız həm o tərəfdə, həm bu tərəfdə qalıb, ölkəsinə qayıtmaq istəyənlər buraxılır. Yəni Türkiyə vətəndaşları Naxçıvana, Azərbaycan vətəndaşları Türkiyəyə buraxılmır. Sərhədin bağlanmasına səbəb Türkiyədə meymunçiçəyi virusunun sürətlə yayılması göstərilir.
Sərhəddi keçə bilməyən Naxçıvan şəhər sakini Ülvi Abbasov deyib ki, məcbur qalıb, geri qayıdıb:
“Vacib iş üçün Türkiyəyə getməli idim. Bu gün səhər saat 10-da Sədərək Gömrük Məntəqəsinə getdim. Türkiyəyə buraxmadılar. Dedilər ki, hələlik Türkiyədə qalan naxçıvanlıları və Naxçıvanda qalan türkiyəliləri buraxırıq. Meymunçiçəyinə görə sərhəd bağlanır. Məcbur qalıb, geri qayıtdım. Sərhəddin bağlanması həm əhaliyə, həm də sakinlərə ciddi ziyan vuracaq. Bundan başqa qiymətlərin bahalaşmasına da səbəb olacaq. Türkiyə lirəsi bizim manatın kursuna görə ucuz olduğundan, bir çox məhsullar oradan gətirilirdi".
Təyyarə ilə Bakıdan Naxçıvana gəlib, Türkiyəyə keçmək istəyənlərin vəziyyəti isə daha ağırdır. Qusar rayon sakini Abbasov deyib ki, həyat yoldaşı ilə birlikdə Ərzuruma getmək üçün Naxçıvana gəlib:
"İki gün əziyyət çəkdikdən sonra çox çətinliklə Bakıdan Naxçıvana bilet almışdım. Türkiyəyə Naxçıvandan getmək daha sərfəlidir. İstədik ki, qabağa düşək. Yoldaşım ağır xəstədir, Türkiyədəki həkimlərdən da onlayn vaxt almışdım. İndi nə edəcəyimi bilmirəm. Məcburuq ki, bilet alıb, Bakıya qayıdaq. O da ki, rahat tapılmır. Gedib qalacaq yerimiz də yoxdur.”
Şərur rayon sakini Nurlan Səfərov isə bildirib ki, işsizlikdən gedib uzun müddət Türkiyədə işləyirmiş. Bir neçə günlük ailəsini ziyarət üçün Naxçıvana gəlib. Yenidən Türkiyəyə qayıtmaq istəyəndə isə onu buraxmayıblar:“2 saata qədər gömrükdə gözlədim. Düşündüm ki, bəlkə buraxarlar. İndi nə edəcəyimi bilmirəm. 3 övladım var, gedib orada işləyib, uşaqlarıma çörəkpulu qaznırdım. Yol açılmasa çox çətin olacaq. Nə edəcəyimi bilmirəm”.
Səhifə qeyd edib ki, məsələ ilə bağlı Naxçıvan MR Gömrük Komitəsi ilə əlaqə saxlayıblar. Komitədən onları Dövlət Sərhəd Qoşunlarına yönləndirsələr də, oradan suallarına cavab verən olmayıb.