Bu gün Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və ölkəmizə qayıdış şəhadətnamələri ilə təmin edilib.

İyunun 4-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.