“Ukraynadan taxılla dolu gəmilərin Bosfor boğazını keçməsi taxıl qiymətlərinin ucuzlaşmasına gətirib çıxarıb. Təkcə iyul ayı ərzində dünya bazarında taxılın qiyməti 11.5 % aşağı düşüb. Bu onu deməyə imkan verir ki, yaxın aylarda Azərbaycanda taxıl və unun qiymətində artım olmayacaq".

Bunu iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında deyib.

O qeyd edib ki, dünya bazarında taxılın qiyməti artıq stabilləşir: “Hətta proses belə davam etsə, unun qiymətində ucuzlaşma da ola bilər. Təqribən 20 milyon ton taxıl Ukraynada qalıb. Onun tədricən çıxarılması və dünya bazarına qaytarılması gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, dünyada taxıl krizisi nisbətən yumşalıb. Yaxın aylarda taxılın qiymətində ucuzlaşma da görə bilərik”.

İqtisadçı dünya bazarında ərzaq qiymətlərinə də diqqət çəkib:

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinə görə iyul ayında əvvəllki ayla müqayisədə ərzaq qiymətləri 8.6 % azalıb. Ötən ay taxılın qiyməti 11.5%, duru yağların indeksi isə 19.2 % azalıb. Taxıl qiymətləri indeksinin azalmasının əsas səbəbi Ukrayna taxılının ixracı ilə bağlı razılaşmadır".

Xatırladaq ki, ötən gün unun bahalaşacağı ilə bağlı xəbərlər yayılıb.